Süni İntellekt bizi işsiz qoyacaq
Qəribə bir dövrə qədəm qoymaqdayıq, qısacası Süni İntellekt (Sİ) əmək bazarında az təcrübəli (junior) işçiləri çıxarmaqda davam edir. Ən azından hər ikinci Sİ startupunun CEO’su bunu vəd edir, sonra monitorunda şirkətinin aksiya qiymətinin neçə uçduğuna şahid olur.
Bu hamımıza bilinən faktdır ki, şirkətlərin junior pozisiyaya işçiləri götürməkdə əsas məqsədi kənarda qalmış xırda-para təkrarlanan işləri gördürməkdir. Bunu mən də etmişəm, proqramlaşdırmaya başlayan demək olar hamı edib. Bununla müəssisə həm senior pozisiyasdakı işçisinin vaxtını daha effektiv işlərə sərf etməklə maddi olaraq daha çox fayda gətirməsini hədəfləyir, həm də cuniora bir növ investisiya edərək gələcəkdə potensial ondan daha da yaxşı faydalanır. Belə demək olarsa qazan-qazan prinsipi, həm cunior real iş mühitində təcrübə qazanır, həm də şirkət, işçilərində yük balansını qurmuş olur. Ən azından Sİ təkrarlanan tapşırıqları çox çevik və tezliklər həll edənə qədər şirkətlər üçün bu qayda belə idi.
Dövr dəyişdi, heç vaxt real olacağını belə təsəvvür edə bilməyəcəyimiz fikirlər reallaşır, vəziyyət belə olduqda təbii olaraq ortaya bir sual çıxır. Bu sualı yəqin ki, cuniorsunuzsa sizi çox yaxında işdən çıxarmağı beyninə salmış meneceriniz verir. “Yaxşı, Həsən vaxt itgisi hesab etdiyi xırda-para işləri Sİ onun üçün edə bilirsə, mənim nəyimə lazımdır cuniorların nazını çəkim”. Buna cuniorların təcrübəsizlikdən prodakşnda olan verilənlər bazasını silmək və s. kimi dağıdıcı nəticələrə gətirən faktları da əlavə etsək menecerlər bəlkə də səhv qərar vermir. Amma bu tamam başqa mövzudur.
Məsələ belə olanda bəs cuniorlar necə iş tapacaqlar? Proqnozlaşdırmaq çox çətindir, amma yəqin etmək olar ki, onlar ya medior səviyyəyə çata biləcək qədər hardasa təcrübə qazanmalı olacaqlar ya da bu təcrübəni onlara qazandıracaq laboratoriyalarda ödənişli əsasla təcrübə keçməli olacaqlar. Hər iki halda qazanan şirkətlər olacaq, az xərcləməklə daha çox iş görmüş olacaqlar.
Əlbəttə bu özü ilə birlikdə “vibe coding” ənənəsini də gətirir, senior səviyyədə olanlar da hər halda Sİ yaratdığı kodu gözdən keçirib, test etməli olacaq. Bu da özü az vaxt itgisi olmayacaq. Məsələnin ən maraqlı tərəfi isə odur ki, hər dəfə “Sİ bunu edə bilməyəcək” deyəndən yarım il sonra Sİ-in onu da etdiyini görürük.
Yazımı isə çox xoş bir xəbərlə bitirmək istəyirəm, Sİ HEÇ VAXT insan yaradıcılığını əvəz edə bilməyəcək, səbəbini bilmək üçün isə maşın öyrənməsi eksperti olmağına ehtiyac yoxdur, Sİ onsuz da yoxdur, onun adını elə qoyublar. Arxa tərəfdə baş verən isə odur ki, Sİ milyardlarla resursdan əldə etdiyi məlumatları işləyib, minimal xəta payı olacaq qədər həllər generasiya edir. Yəni burada maşın yaradıcılıq etmir, sadəcə işlədiyi məlumatları kontekstə ən uyğun və ən minimal xətalı şəkildə olmaq şərtilə məqsədyönlü istifadə edir. Ona görə kimsə sənə “Sİ bizi yaxında əvəz edəcək” deyəndə rahatlıqla “yaradıclığı əvəz edə bilməyəcək” cavabını verə bilərsən.
Bu postun yazılmasında Sİ alətlərindən istifadə olunmadı
Vaxtını ayırdığına təşəkkür edirəm, özünə yaxşı bax.